Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayev 12 milyon manatdan çox yeyintidə və 2 milyon manata yaxın vergi borcunda – vergidən yayınmaqda suçlanır. O, ilyarımdır basqı altında olduğunu söyləyir.
"Mən 18 aydır danışa, özümü müdafiə edə bilməmişəm, ümidlə bu məhkəməni gözləmişəm. Həmişə dövlətə, dövlətçiliyə sadiq olmuşam", - bir ildir pensiya yaşını haqlamış İ.Mustafayevin iyulun 14-də öz məhkəməsində dediyi sözlərdir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İ.Mustafayev köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur.
"Akt, sübut istədim, dedilər ki…"
İyulun 14-də onların işi üzrə məhkəmənin hazırlıq iclasında İ.Mustafayev deyib ki, Hesablama Palatası 2023-cü ilin dekabrında Dənizkənarı Bulvar İdarəsində yoxlama başladıb və ötən ilin yanvarınadək həmin yoxlama davam edib, ardınca da vəzifədən azad edilib. Ardından səkkiz aya yaxın da Nazirlər Kabineti araşdırma aparıb: "Avqustda məni dəvət etdilər. Dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisiniz. Akt, sübut istədim. Dedilər ki, ya kompromisə getməlisən, ya sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqustda prokurorluğa göndərdilər".
İ.Mustafayevin vəkili İsmayıl Kəngərli onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyir ki, cinayət işi materiallarında audit və vergi yoxlamalarının nəticələrinə istinad olunub. İ.Mustafayev azadlıqda qalsa belə, o yoxlamaların nəticələrini dəyişə bilməz: "Mənimsənildiyi iddia olunan 10 milyon müstəntiq fərziyyələrinə əsaslanır. Pandemiyanın sərt dövründə bulvardakı obyektlərə aylıq 74 min manat qazanc hesablanıb".
İ.Kəngərli müvəkkilinin sağlamlıq problemi olduğunu da sözlərinə əlavə edib.
Vəkillər vurğulayıblar ki, ehtimallarla kimisə ağır cinayətdə suçlamaq olmaz.
"11 milyon manat mənimsəyən adamın ciddi əmlakı, aktivləri olmalıdır. Fuad Babayevin 2009-cu ildə aldığı və yaşadığı evdən, idarə etdiyi avtomobil və kiçik bir torpaq sahəsindən başqa heç nəyi tapılmadı", - təqsirləndirilən F.Babayevin vəkili belə deyib. Müdafiəçi əmlakların sənədlərini də məhkəməyə təqdim edib.
İ.Mustafayev həbsdə olsa da, digər iki təqsirləndirilən barəsində alternativ qətimkan tədbiri seçilib.
Məhkəmə Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbərini ev dustaqlığına buraxmaqdan imtina edib. Bu idarədə 11 milyon manatı aşan yeyinti ilə bağlı məhkəmə araşdırmaları iyulun 28-nə təyin olunub.
Xatırlatma
İ.Mustafayev ötən ilin sentyabrından həbsdədir. Ona mənimsəmə ilə yanaşı, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə yetkilərindən sui-istifadə, külli miqdarda vergidən yayınma ittihamları da verilib. Bu ittihamlarda 14 ilədək həbs cəzası nəzərdə tutulub.
İstintaq dövründə toplam 11 milyon manatdan çox dəyəri olan əmlakın üzərinə həbs qoyulub.
İ.Mustafayev Dənizkənarı Bulvar İdarəsindən öncə Bayraq Meydanının rəhbəri çalışıb.