Keçid linkləri

2025, 14 İyul, Bazar ertəsi, Bakı vaxtı 15:45

Tramp Kiyevə 'Patriot' sistemləri göndərəcəyini deyir


Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp iyulun 13-də axşam bəyan edib ki, Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri göndərəcək. Bunun Avropa İttifaqı vasitəsilə gerçəkləşəcəyi ehtimal olunur. Bu arada Kiyev, Moskva və dünya ictimaiyyəti Trampın uzunmüddətli müharibə ilə bağlı, özünün dediyi kimi, "böyük açıqlama"sını gözləyir.

Tramp Vaşinqton yaxınlığında ABŞ hərbi bazasında jurnalistlərə danışıb. O, Kiyevə "Patriot" sistemləri planı haqda detallı danışmayıb. Ukrayna bu sistemləri çoxdan istəyir, şəhərlərini Rusiyanın, demək olar, gündəlik hava hücumlarından qorumaq üçün "həyati əhəmiyyətli" adlandırır.

"Biz onlara "Patriot" göndərəcəyik, buna çox ehtiyacları var. Çünki [Rusiya prezidenti Vladimir] Putin bir çox insanı təəccübləndirdi. O, yaxşı danışır, amma axşam hamını bombalayır... Bu mənə xoş gəlmir", – Tramp bildirib.

"Silahın pulunu Avropa İttifaqı ödəyəcək. Biz heç nə ödəmirik, amma göndərəcəyik", – Tramp deyib. O, belə bir sövdələşmədə iştirak edəcək Aİ ölkələrinin adlarını çəkməyib.

"Onlara, əsasən, çox müasir hərbi texnika göndərəcəyik. 100 faiz pulunu ödəyəcəklər, bunun belə olmasını istəyirik", – Tramp vurğulayıb.

Almaniya

Vaşinqton iyulun 2-də Kiyevə bəzi silahların tədarükünü dayandırdığını elan edib. Lakin Tramp sonradan Putinin atəşkəsə razılaşmamasından narazılığını bildirib. O, iyulun 10-da Birləşmiş Ştatların NATO ölkələri və ya Avropa müttəfiqləri vasitəsilə Ukraynaya əlavə silah göndərəcəyini demişdi.

Almaniya kansleri Fridrix Merts iyulun 4-də Trampla telefon danışığında deyib ki, Berlin ABŞ-dən "Patriot" sistemləri alıb onları Ukraynaya verə bilər. Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 14-də Vaşinqtona səfər edəcək, ABŞ rəsmiləri ilə danışıqlar aparacaq.

İndiyədək ABŞ Ukraynaya üç "Patriot" sistemi göndərib. Bu, keçmiş prezident Co Bayden administrasiyası dövründə baş verib. "Patriot" sistemləri dünyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən sayılır, ballistik, qanadlı raketləri və döyüş təyyarələrini vurmaq qabiliyyətinə malikdir.

İyulun 14-də Trampın "böyük açıqlama" verəcəyi gözlənilir. Bu arada Rusiyanın Ukraynaya hücumları nisbətən səngiyib. Öncəki həftələr rekord sayda hava hücumları baş vermişdi.

"Axios" iyulun 13-də axşam yazıb ki, Tramp açıqlamasında müharibəyə dair strategiyasında "aqressiv" dəyişiklik elan edəcək, buraya Ukraynaya hücum silahlarının verilməsi də daxildir. Ağ ev bu məlumatla bağlı, hələlik, şərh verməyib.

Diplomatik cəbhə

NATO-nun baş katibi Mark Rütte iyulun 14-də səhər Trampla görüşməli, Ukrayna və digər məsələləri müzakirə etməlidir.

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyulun 14-dn Ukraynaya səfər edəcək.

Trampın əsas müttəfiqlərindən olan respublikaçı senator Lindsi Qremin açıqlaması isə Trampın Ukraynaya silah tədarükünü artıracağına dair ehtimalları gücləndirib. O, CBS televiziyasına deyib ki, "yaxın günlərdə Ukraynanın özünü müdafiə etməsi üçün rekord səviyyədə silah axını görəcəksiniz".

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalı İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük və ən qanlı müharibə sayılır. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ötən ay yaydığı hesabatına görə, bu yay Rusiya itkiləri (ölü və yaralı sayı) 1 milyon nəfəri keçəcək, Ukraynanın isə təxminən 400 min əsgəri ölüb və yaralanıb.

Rusiya ötən gecə Ukraynaya 140 raket və dron zərbəsi endirib

İyulun 13-dən 14-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya dörd ədəd S-300/400 zenit idarə olunan raketləri və 136 dron ilə hücum edib. Bu barədə Ukraynanın hərbi hava qüvvələrinin komandanlığı məlumat yayıb.

Ukraynanın Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Serqiy Lısak bildirib ki, Rusiyanın ötən gecə hücumları nəticəsində ikisi uşaq olmaqla üç nəfər yaralanıb, mülki infrastruktura və avtomobillərə ziyan dəyib.

Rusiyanın dron zərbələri nəticəsində ölkənin Sumı vilayətində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

XS
SM
MD
LG