Rusiyada polislər azərbaycanlı iş adamlarına himayədarlıqda şübhəli bilinir
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhlükəsizlik İdarəsinin əməliyyatçılarının Leninqrad vilayətinin Vsevolojsk rayonunun bir neçə polis əməkdaşının qanunsuz fəaliyyətini aşkarlayaraq qarşısını aldıqları bildirilir.
Rəsmi açıqlamaya görə, ilkin olaraq müəyyən edilib ki, 2023-cü ildən bir sıra vəzifəli şəxslər, o cümlədən rayon polisinin rəhbər heyəti rayonda fəaliyyət göstərən iş adamlarına pul əvəzində himayədarlıq ediblər.
İstintaqın məlumatına görə, qonşu ölkələrdən birindən gəlmələr miqrant həmvətənlərini əmək fəaliyyətinə cəlb edərək mənşəyi şübhəli olan spirtli içkilər və tütün məmulatlarının satışını həyata keçiriblər.
İyulun 10-da təqsirləndirilən şəxslərin, habelə iş adamlarının yaşadıqları yerlərdə və ticarət obyektlərində axtarış-həbslər aparılıb.
Rusiya mediası sahibkarların Azərbaycan əsilli olduğunu yazır.
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarına qadağa qoyub
2025-ci il iyulun 11-dən "Rosselxoznadzor" Azərbaycanın "ALLBUY MMC" və "MILK PRODUCTS MMC" müəssisələrinin istehsal etdiyi bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub.
Bildirilir ki, bu qərar istehsalçıların Rusiya yoxlamasından keçməkdən imtina etmələri və məhsullarının Rusiyaya gələcək tədarükündə maraqlı olmamaları ilə bağlıdır.
Bundan əlavə, "Rosselxoznadzor" iyulun 14-dək Azərbaycanın aidiyyətı qurumundan digər istehsalçıların da xammalının mənşəyi barədə məlumat tələb edib:
– "ATENA MMC" (süd və süd məhsullarının istehsalı);
– "AZEMAL MMC" (süd, pendir, yağ, qaymaq);
– "AZ. MILKA EXPORT MMC" (süd məhsullarının (kərə yağı) istehsalı və emalı).
Azərbaycan tərəfi bu barədə rəsmi açıqlama verməyib.
Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib. O, bundan əvvəl Rusiya vətəndaşlığından məhrum olunmuşdu.
"İzvestiya" hava limanından İbrahimovla video yayımlayıb. O, deportasiya qərarının onun üçün gözlənilməz olduğunu, buna görə "bir az" üzüldüyünü deyib.
İbrahimovun 30 ildir Rusiyada yaşadığı vurğulanır.
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə" Rusiya vətəndaşlığından məhrum edilib. Qərar iyunun 18-də qəbul edilib.
İbrahimov 1967-ci ildə Ucarda doğulub. 1997-ci ildən Moskva vilayətində yaşayıb, 2018-ci ildən azərbaycanlıların regional muxtariyyətinə rəhbərlik edib.
2018-ci ildə Moskva vilayətinin qubernatoru seçkiləri zamanı o, Andrey Vorobyovun vəkili kimi çıxış edib.