Peskov: Moskva və Bakı yaxın tərəfdaş kimi qalmalıdır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ilə Azərbaycan yaxın tərəfdaş, müttəfiq kimi qalmalıdır və yaranan bütün məsələlər konstruktiv şəkildə həll edilməlidir.
"Biz hələ də bu mövqedəyik, məntiq yalnız bir şeyi deyir: Rusiya ilə Azərbaycan ən yaxın tərəfdaş və müttəfiqdir, belə də qalmalıdır. Bu iki ölkəni ortaq tarix, ortaq bu gün və ortaq gələcək birləşdirir", - o, jurnalistlərə bildirib.
Peskov əlavə edib ki, Rusiyanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə daimi əlaqədədir. Onun vurğulamasına görə, qanunvericilik və mövcud diplomatik təcrübədə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilərək saxlanılmış Rusiya vətəndaşlarının maraqları qorunur.
Rusiya Teleqram kanallarının "nüfuzlu qanuni oğru" adlandırdığı azərbaycanlı Vaqif Süleymanov iyulun 3-də Moskvada saxlanılıb.
"Kommersant"ın məlumatına görə, buna səbəb Rusiyada qalma qaydalarının pozulması olub.
Süleymanov Saxarovdakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına göndərilib, orada üç ay qalacaq, bundan sonra Azərbaycana deportasiya olunacaq.
"Sputnik-Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxılıb
"Sputnik-Azərbaycan"ın Bakıda saxlanılan beş əməkdaşı iyulun 3-də barələrində ölkəni tərk etməməklə bağlı iltizam alınaraq sərbəst buraxılıb.
Bu qərar yalnız Azərbaycan vətəndaşlığı olan əməkdaşlara aiddir. "Sputnik-Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeni Belousov həbsdə qalır. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
İyulun 1-də "Sputnik-Azərbaycan"ın ofisində axtarış aparılıb, 7 nəfər saxlanılıb.
"Sputnik-Azərbaycan" bağlanır
Kremlə yaxın "Rossiya Seqodnya" media qrupunun baş direktoru Dmitri Kiselyov "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün şəraitin olmadığını bildirib.
""Rossiya Seqodnya" "Sputnik-Azərbaycan"ın rəhbərləri olan iki Rusiya vətəndaşının artıq dördüncü gündür Bakıda saxlanmasından dərin narahatdır. Onlarla birlikdə redaksiyanın bir neçə əməkdaşı - Azərbaycan vətəndaşları da saxlanıb... Təəssüflə bildiririk ki, bu gün "Sputnik-Azərbaycan"ın bu ölkədə fəaliyyətini davam etdirməsi üçün heç bir şərait yoxdur... Əməkdaşlarımız əsassız ittihamlarla üzləşiblər, uydurma bəhanə ilə həbs olunublar. Öz tərəfimizdən jurnalistlərimizin hüquqi müdafiəsini bütün mövcud vasitələrlə təmin edəcəyik", - bəyanatda vurğulanır.