Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başladıqdan bəri Rusiya silahlı qüvvələrinin azı 118 min 139 hərbi qulluqçusu həlak olub. Bu rəqəmə 28 ölkədən olan 523 xarici döyüşçü də daxildir. Bu barədə məlumatı BBC-nin Rusiya xidməti yayıb. Məlumatlar "Mediazona" və könüllülər qrupu ilə birgə aparılan hesablamalara əsaslanır.
Söhbət müqavilə imzalanan zaman Rusiya vətəndaşlığı olmayan və onların ölümünü açıq mənbələr əsasında təsdiqləmək mümkün olan xarici vətəndaşlardan gedir.
Həlak olmuş əcnəbilər arasında ən çox Tacikistan vətəndaşı qeydə alınıb - 72 nəfər. Onların ardınca Nepal (70 nəfər) və Özbəkistan (66 nəfər) gəlir. Araşdırmaya görə, Tacikistan və Özbəkistandan olan ölən əsgərlərin yarıdan çoxu Rusiya həbsxanalarından cəbhəyə göndərilən şəxslərdir.
Həlak olan əcnəbilərin sayına görə dördüncü yerdə Gürcüstan qərarlaşıb - 63 nəfər. Onların, demək olar ki, hamısı beynəlxalq səviyyədə tanınmayan Cənubi Osetiya və Abxaziya bölgələrinin sakinləridir. 54 hərbçi ilə beşinci yerdə Ukrayna gəlir. Hesablamalarda yalnız genişmiqyaslı müharibə başlamazdan əvvəl Ukraynanın nəzarətində olan ərazilərdə qeydiyyatda olan şəxslər nəzərə alınıb. Onların əksəriyyəti islah koloniyalarından müharibəyə cəlb olunub.
Bundan əlavə, Rusiya tərəfində Ukraynaya qarşı müharibədə Efiopiya, Zambiya, Mərkəzi Afrika Respublikası, Tanzaniya, Toqo və ABŞ vətəndaşlarının da döyüşdüyü qeyd olunur.