Bu həftə Bakı-Moskva arasında mümkün deeskalasiyadan, rus məktəblərini bağlamaq çağırışlarına dövlətin reaksiyasından, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən danışırıq.
Rusiya-Azərbaycan əlaqələrində təxminən 10 gün çəkən diplomatik gərginlik, XİN səviyyələrində qarşılıqlı notalar bu həftənin əvvəlindən səngiməyə başladı. Rusiyadan Azərbaycanın strateji və etibarlı tərəfdaş olmasıyla bağlı açıqlamalar gəldi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ilə Azərbaycan yaxın tərəfdaş, müttəfiq kimi qalmalıdır və yaranan bütün məsələlər konstruktiv şəkildə həll edilməlidir.
Bu arada Moskva bu həftə çoxdankı taktikasına əl atdı, Azərbaycandan iki şirkətin süd məhsullarına qadağa qoydu. "Rosselxoznadzor" bildirdi ki, bu qərar istehsalçıların Rusiya yoxlamasından keçməkdən imtina etmələri ilə bağlıdır.
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov isə Rusiyadan deportasiya edildi. O, daha əvvəl Rusiya vətəndaşlığından məhrum olunmuşdu.
Elm və təhsil naziri Emin Əmrullayev
Azərbaycanlı nazirdən rus dili açıqlaması
Bütün bu sadalanan xronologiya elə bir təəssürat yarada bilər ki, tərəflər hələ də siyasi eskalasiya tempini saxlayır. Amma daha böyük görünən məsələlər ətrafında gəlişmələr Rusiya-Azərbaycan münasibətlərində çox şeyin dəyişmədiyini göstərir. Məsələn, gərginliyin ilk günlərində hökumətyönlü medianın diliylə verilmiş, sonradan Rusiya XİN sözçüsü səviyyəsində təkzib olunmuş "rus məktəbləri bağlana bilər" mesajı bu dəfə elm və təhsil naziri səviyyəsində gündəmdən çıxarıldı.
Halbuki, əksər tənqidçilər büdcə hesabına rus dilinin tədrisinin dayandırılmasını Azərbaycanın Rusiyadan uzaqlaşmasında strateji amil kimi görürlər. Axı, rus dilinin özəlliklə keçmiş sovet məkanında Rusiya üçün yumşaq güc vasitəsi olduğu danılmazdır. Elə bu həftə rus dili ilə bağlı yayılmış bir xəbər də bu fikri təsdiqləyir. Rusiyanın "Vedomosti" qəzeti yazıb ki, Rusiya İctimai Rəyi Araşdırma Mərkəzi (VTsIOM) Xarici İşlər Nazirliyinin (XİN) sifarişi ilə xaricdə, özəlliklə Azərbaycanda rus dilinin necə təbliğ olunduğunu öyrənmək üçün sosioloji tədqiqat aparacaq.
Maraqlıdır ki, Moskva-Bakı gərginliyinin ilk günlərində rusdilli təhsilə dövlət dəstəyini sorğulayan media bu xəbərə səssiz qaldı.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda rus məktəbləri bağlanmalıdır? - Bakıda sakinlər cavablayır
- "Rus məktəbləri çoxdan bağlanmalıdır, çünki rus dilində təhsil dövlət hesabına ola bilməz".
- "Məktəb bağlamaq çıxış yolu deyil. Nə qədər çox dil bilsən, bunun zərəri yoxdur".
AzadlıqRadiosunun Bakıda keçirdiyi sorğuya cavablar isə elə hakimiyyətin "balanslı" dediyi siyasətin güzgüsü kimi görünür.
Əbu-Dabi görüşü nəyi göstərdi
İyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü də Azərbaycan-Rusiya gərginliyi fonunda həyəcanı artırmışdı. ABŞ Dövlət katibi Marko Rubionun görüşdən iki gün əvvəl tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidini bildirməsi bu görüşdən böyük proqres gözləntilərini gücləndirmişdi.
Bir neçə saat çəkən görüşün yekunu olaraq bildirildi ki, liderlər sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirib, dövlət komissiyalarına tapşırıqlar veriblər. AzadlıqRadiosuna danışan ekspertlər bu görüşün ikitərəfli formatda keçirilməsini Qərbdən və Moskvadan asılılığın azalmasının göstəricisi sayırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əbu-Dabidə Əliyev-Paşinyan görüşü: İl sonuna qədər sülh müqaviləsi imzalanacaq?
Azı 20 jurnalist mətbuatın 150 illiyini həbsdə keçirir
İyulun 22-də Azərbaycan mətbuatının 150 illiyi tamam olur və artıq bəzi tədbirlərə start verilib. Məsələn, "Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı tədbirdə deputat Vüqar Rəhimzadə deyib ki, "söz azadlığı dövlət siyasətinin prioritetidir və bu gün jurnalistika yüksək səviyyədə öz prinsiplərinə söykənərək fəaliyyət göstərir. Sevindirici haldır ki, xalqını sevən, hazırladığı reportajlarla, məqalələrlə peşəkar işlər ərsəyə gətirən jurnalistlərimiz var".
Reallığa gəlincə, bu gün Azərbaycanda azı 20 jurnalist, o cümlədən AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə qaçaqmalçılıq, vergidən yayınma və digər ittihamlarla həbsdədir. Jurnalistlər ittihamları əsassız sayır, tənqidi, araşdırmaçı jurnalistika fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər. Hakimiyyət rəsmiləri ölkədə siyasi həbslərin olmadığını desələr də, yerli və beynəlxalq insan haqları qurumları da Azərbaycanda müstəqil medianın sıxışdırıldığını deyir, haqsız tutulanlara azadlıq tələb edirlər.
Bakı Apellyasiya Məhkəməsi isə ötən həftədən bəri "MeydanTV işi" üzrə həbs olunan jurnalistlərin həbs-qətimkan tədbirinin uzadılmasından şikayətlərinə baxır və, bir qayda olaraq, təmin etmir.