'Media haqqında' Qanuna dəyişikliklər qəbul edildi

Bakıda yeni media qanununa etiraz aksiyası. 2021

Bu gün, iyulun 14-də Milli Məclis "Media haqqında" Qanuna təklif edilən dəyişiklikləri qəbul edib.

Dəyişikliklərə əsasən, xarici media qurumlarının filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra yeddi iş günü ərzində Media Reyestrinə daxil edilməlidir. Qanun pozulduqda və ya Media Reyestrindən çıxarıldıqda həmin qurumların fəaliyyəti dayandırılacaq, onların saytlarına giriş məhdudlaşdırılacaq.

Yeniliklərə görə, xarici jurnalistlər və nümayəndəliklərdə çalışan əməkdaşlar Media Reyestrinə daxil edilməyəcək.

Qanun layihəsi informasiya agentlikləri üçün də tələbləri sərtləşdirir. Agentliklərin azı 20 media orqanı ilə müqaviləsi və beş xarici ölkədə akkreditə olunmuş jurnalisti olmalıdır.

Media subyektlərinin adlarının ictimai qaydalara, mənəviyyata və əxlaqa uyğun olması, istifadəçiləri çaşdıran ifadələrdən istifadə edilməməsi də yeni tələblər arasındadır.

Media Reyestrinə daxil olmayan çap və onlayn media subyektlərinin fəaliyyətinə xitam veriləcək. Eyni zamanda, reyestr tələblərinə əməl etməyən media qurumları xəbərdarlıqdan sonra pozuntuları davam etdirərsə, reyestrdən çıxarılacaq və saytlarına giriş məhdudlaşdırılacaq.

Qanunvericilik dəyişikliklərinə əsasən, çap məhsulları Media Reyestrində qeydiyyatsız yayıldığı halda, fiziki şəxslər 500-1000, vəzifəli şəxslər 1500-2500, hüquqi şəxslər isə 3000-5000 manat cərimələnəcək.

Son dəyişikliklərə görə, qanunvericiliyin tələblərinə əməl etməyən xarici media qurumlarının filial və nümayəndəlikləri ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılacaq.

Bəzi media ekspertləri düşünür ki, əlavələrlə qanunda bir qədər də məhdudlaşdırmalar artırılır. Onların fikrincə, dəyişikliklərdən sonra bu qanun beynəlxalq standartlardan bir qədər də uzaqlaşır.

Xatırlatma

Azərbaycanda "Media haqqında" Qanunu parlament 2021-ci ildə qəbul edib. Prezident onu 2022-ci ilin əvvəlində imzalayıb.

Qanunun qəbulu ərəfəsində bir sıra jurnalist və ekspertlər etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar. Onların fikrincə, sənəddə xüsusilə reyestrlə bağlı tələblər müstəqil jurnalist və media orqanlarının çərçivəyə salınmasına xidmət edəcək. Hərçənd, parlamentdəki çoxluq belə fikirləri əsasız sayırdılar.