2025-ci ildə Azərbaycanda rəsmi işləyənlərin sayı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Komitənin bu gün, iyulun 11-də yaydığı son məlumata görə, 2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər olub. Onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bundan bir ay əvvəl, mayın 1-də isə onların sayı 1 milyon 771.7 min, ilin əvvəlində isə 1 milyon 778.5 min nəfər təşkil edib. Beş ay ərzində ölkədə rəsmi işləyənlərin sayı 10 minə yaxın azalıb.
İlin əvvəlində işləyənlərin 882.8 min nəfəri dövlət, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunun payına düşüb. Bu rəqəmlərdən bəlli olur ki, işini itirənlər dövlət sektorunda çalışırmışlar.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əməkqabiliyyətli insanların sayı 5 milyondan çoxdur. Halbuki, 2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin rəsmi sayı cəmi 282.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm həqiqəti əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər rəsmi işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər.
2020-ci il koronovirus pandemiyasına qədər rəsmilər iddia edirdilər ki, son 15 ildə ölkədə 2 milyon iş yeri yaradılıb. Amma müstəqil iqtisadçılar da buna inanmır, həmin rəqəmin dəfələrlə şişirdildiyini hesab edirdilər.