Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırovun və jurnalist Fikrət İbişbəylinin işgəncəyə məruz qalma şikayətləri ilə bağlı qərarını verib.
T.Bağırov 2015-ci il noyabrın 26-da (Nardaran hadisələri zamanı) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılarkən işgəncəyə məruz qalmasına dair şikayət verib.
Məhkəmə hesab edib ki, şikayətə bağlı yerli qurumlar hərtərəfli araşdırma aparmalı idi, digər tərəfdən, ərizəçinin pis rəftara məruz qalması tibbi sənədlərlə təsdiq edilirdi. Beləliklə, AİHM Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) maddəsinin maddə və prosessual aspektdən pozuntusunu tanıyıb.
2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdi. Əməliyyat zamanı ikisi polis olmaqla, altı nəfər həlak olmuşdu. Həmin gün Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb və ittihamları qəbul etməyib.
Məhkəmədə də polislərin onlar tərəfindən öldürülmədiklərini və onlarda silah olmadığını vurğulayıblar.
Jurnalistin şikayəti
AİHM həmçinin jurnalist Fikrət İbişbəylinin (Fərəməzoğlu) də 2016-cı ildə BMCMİ əməkdaşları saxlarkən işgəncəyə məruz qalmasına dair şikayətinin effektiv araşdırılmaması qənaətinə gəlib və bunu Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edib.
T.Bağırova mənəvi zərərə görə 10 min avro, F.İbişbəyliyə isə 5 min avro kompensasiya ödənilməli olması müəyyən edilib.
Jurnalist Araşdırma Mərkəzinin və jam.az saytının rəhbəri F.İbişbəyli 2016-cı il iyunun 30-da saxlanıb.
2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. O, müxtəlif restoran, iaşə obyektləri sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdı. Amma jurnalist ittihamı qəbul etmir, deyirdi ki, sifarişlə həbs olunub. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qərarlara Azərbaycan Məhkəmə Hüquq Şurası, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma DİN, bir qayda olaraq, saxlanan şəxslərə polisdə işgəncə verilməsi ilə bağlı şikayətləri buna qədər əsassız sayıb.