Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 09:45

Azadlığa çıxan Belarus müxalifətçisi: 'Məni yox etməyə çalışdılar'


Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'

Belarus müxalifətinin tanınmış simalarından olan Sergey Tixanovskinin prezident Aleksandr Lukaşenkonun repressiv idarəçiliyinə qarşı mübarizəsi beş il əvvəl qəfil dayandırılıb. Bu, onun 2020-ci ilin avqustunda prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqladıqdan dərhal sonra həbs olunması ilə əlaqədardır.

18 il həbs cəzasına məhkum edilən və tez-tez təkadamlıq kamerada saxlanılan Tixanovski dövlət tərəfindən susdurulub. Bu, kütləvi şəkildə saxtalaşdırıldığı iddia olunan seçkilərdə Lukaşenko öz qələbəsini elan etdikdən sonra genişmiqyaslı etirazlara qarşı rejimin həyata keçirdiyi kəskin repressiyalar çərçivəsində baş verib.

Ötən ay ABŞ-nin vasitəçiliyi ilə 14 məhbus azadlığa buraxılıb və onların arasında S.Tixanovski də vardı. Tixanovski iyulun 9-da AzadlıqRadiosuna verdiyi müsahibədə deyib: "Təxminən üç il tam təcrid vəziyyətində yaşadım. Nə zəng vardı, nə məktub, nə də vəkillə görüş. Heç nə. Onlar məni yox etməyə çalışırdılar".

"Həbsxana məni sındırmadı"

İndi ölkə xaricində olan və 2020-ci ildə onun yerinə namizəd olmuş, hazırda xaricdəki Belarus müxalifətinə rəhbərlik edən həyat yoldaşı Svetlana da daxil olmaqla digər tanınmış müxaliflər kimi, S.Tixanovski də Lukaşenkoya qarşı təzyiqləri davam etdirəcəyini və həbsdə olan siyasi məhbusların azadlığı üçün mübarizə aparacağını vəd edib.

"Biz hərəkət etməliyik. Əgər indi fasilə versək, rejim qalib gələcək", - Tixanovski Vilnüsdə AzadlıqRadiosuna müsahibəsində bildirib və əlavə edib ki, ona keçirdiyi ağır sınaqlardan sonra sağalmaq üçün altı ay istirahət etməsi tövsiyə olunub, lakin o, bunu qəbul etməyib: "Əgər indi dayansam, heç nə dəyişməyəcək. Mənə sadəcə 100 gün verin. Ondan sonra məni mühakimə edin. Söz verirəm, nəticələri görəcəksiniz".

2020-ci ilə qədər S.Tixanovski daha çox "Həyat Üçün Ölkə”" (A Country for Life) adlı populyar YouTube kanalının cəsarətli aparıcısı kimi tanınıb. O, Belarusun müxtəlif bölgələrinə gedərək korrupsiya faktlarını ifşa edib, yoxsulluq və kənd icmalarının baxımsız vəziyyəti haqqında reportajlar hazırlayıb.

Sergeyin birbaşa və sərt danışıq tərzi, eləcə də tərəfdarlarını səfərbər etmək bacarığı 9 milyondan çox əhalisi olan Belarusda onu digər müxalif fiqurlardan fərqləndirirdi. Tixanovski prezident Lukaşenkonu "tapdalanıb məhv ediləsi tarakan" adlandırıb. Lukaşenko 1994-cü ildən bəri ölkədə hakimiyyətdədir.

Onun siyasi ambisiyaları və sərt ritorikası Tixanovskini birbaşa Lukaşenkonun hədəfinə çevirib. 2020-ci ilin mayında prezidentliyə namizədliyini elan etdikdən qısa müddət sonra S.Tixanovski ölkənin qərbində yerləşən Qrodno şəhərində keçirilən seçki kampaniyası tədbiri zamanı həbs olunub.

Onun həyat yoldaşı Svetlana prezidentlik yarışına onun əvəzinə qoşulub və Lukaşenko rejiminə qarşı görünməmiş bir mübarizəyə rəhbərlik edib. Lukaşenko həmin ilin avqustunda 81 faiz səs topladığını iddia etsə də, çoxları əsl qalibin S.Tixanovskaya olduğunu düşünür.

Sergey Tixanovski və Svetlana Tixanovskaya Tixanovskinin Belarusda həbsdən çıxmasından bir neçə gün sonra Varşavada belaruslarla görüşür.
Sergey Tixanovski və Svetlana Tixanovskaya Tixanovskinin Belarusda həbsdən çıxmasından bir neçə gün sonra Varşavada belaruslarla görüşür.

Buna görə də Sergey özünü "keçmiş siyasi məhbus" və ya "eks-bloqer" kimi deyil, "birinci centlmen" adlandırmağı üstün tutur: "Mən keçmiş sözünü bəyənmirəm. Bu, itki hissi daşıyır. Düşünürəm ki, "Belarusun birinci centlmeni" (mənə müraciət etmək üçün) düzgündür, çünki mən həyat yoldaşımı tam dəstəkləyirəm. Mənim azadlığa çıxmağımda göstərdiyi köməyə görə ona sonsuz minnətdarlığımı bildirirəm. Onun dəstəyi, inamı və sevgisi olmasaydı, belarusların və diplomatların səyləri kifayət etməzdi. O, nöqtələri birləşdirməyi bacardı və başqalarına necə mübarizə aparacağını göstərdi".

O, özünü və həyat yoldaşını bir-birini tamamlayan qüvvələr kimi gördüyünü və öz məsləhətləri ilə həyat yoldaşının komandasının fəaliyyətinə müdaxilə etməyəcəyini deyib.

Bununla belə, S.Tixanovski arxa plana keçmək niyyətində olmadığını açıqlayıb.

"Mənim vəziyyətimdə siyasətdən kənarda qalmaq qeyri-mümkündür. Atdığım istənilən addım siyasi addım kimi qiymətləndirilir. Belaruslular məndən nəsə gözləyirlər və diqqətlə izləyirlər", - Tixanovski deyib.

"Həbsxana məni sındırmadı. Mənim atəşim indi daha da güclüdür", - o əlavə edib.

Sergey Tixanovski məyusdur

O, yeni azadlığa çıxmış keçmiş məhbus kimi öz alovlu ruhunu, mübahisəli seçkidən beş il sonra gündəlik çətinliklərlə üzləşən mühacirətdəki belarusların zəifləmiş motivasiyası ilə müqayisə edib: "2020-ci ildə azadlığımın son günlərində insanlar petisiyalara imza atmaq üçün saatlarla növbədə dayanırdılar. Qanadlarımın olduğunu hiss edirdim. İndi eyni enerji və qətiyyətlə azadlığa çıxdım, amma görürəm ki, xaricdə yaşayan bir çox belaruslu yorulub. Onlar beş ildir ki, yaşamağa - sağ qalmağa çalışır, bir neçə işdə işləyirlər. Mən başa düşürəm, amma həbsdən çıxanlar üçün o alovun sönməsini hiss etmək çox ağrılıdır".

İyun ayının 21-də azadlığa çıxdıqdan dərhal sonra Sergeyin ilk addımlardan biri keçmiş siyasi məhbuslara və mühacirətdəki belaruslara dəstək məqsədilə yaradılan fonda ianələr üçün tərəfdarlarına müraciət etmək olub. Sergey Tixanovski 200 min avro toplamağı planlaşdırsa da, bu çağırış tənqidlərə səbəb olub və gözləniləndən zəif reaksiya alıb.

O, ianə müraciətinin təkcə pulla bağlı olmadığını vurğulayıb: "Azadlığa çıxdıqdan sonra insanlara təkcə maddi vəsait lazım olmur. Onlara əl tutan, hər gün yanında olan insanlar lazımdır ki, öz ayaqları üstə dura bilsinlər. Məni Svetlana və onun komandası olduğu üçün şanslıyam. Amma bəzən mən belə özümü tənha hiss edirəm".

İlkin uğursuzluğa baxmayaraq, Tixanovski ianələrin artdığını və daha da önəmlisi yüzlərlə könüllünün onun hərəkatına qoşulduğunu söyləyib.

Belarus müxalifət lideri mübarizəsini davam etdirəcəyini deyir

O, özünün sürətlə inkişaf edən hərəkatını "gözləntiləri aşan uğur" kimi xarakterizə edərək bildirib ki, Avropa və ABŞ-dəki Belarus icmalarından, hətta Sinqapurdan belə təxminən 450 nəfər üzv olmaq üçün müraciət edib: "Bu, mənim 2020-ci ildəki komandamdan iki dəfə çoxdur. Onlar sadəcə tərəfdarlar deyil, hərəkət etməyə hazır insanlardır".

Tixanovski Litva və Polşada mühacirətdə olan belaruslara iş və mənzil tapmağa kömək etmək üçün dəstək mərkəzləri yaratmağı nəzərdə tutur.

"O, Svetlananın ofisinə bağlı deyil. Bu, mənim təşəbbüsümdür. Mən hələ də daxilən iş adamıyam. Problemləri görürəm və onları həll etmək istəyirəm", - deyə o bildirib.

Sergey ilk böyük təşəbbüsü barədə çox danışmasa da, amma bunun siyasi aktivizmi və diaspora dəstəyi ehtiva edəcəyinə işarə edib.

Bəziləri Tixanovskinin üslubunu populist adlandırır və onu 30 ildən artıqdır ki, Belarusu dəmir yumruqla idarə edən Lukaşenkonun gəncliyinə bənzədir. Ancaq Sergey bu müqayisəni qətiyyətlə rədd edir, dürüstlük və vicdana sadiqliyini vurğulayır.

"Mən yalan danışmıram. Lukaşenkonun əsas xüsusiyyəti onun yalan danışmaq bacarığıdır. İnsanlar daha diplomatik olmalı olduğumu düşünəndə belə, birbaşa və açıq danışıram. Bu isə onun əksidir", - o müsahibəsində deyib.

Müsahibə AzadlıqRadiosunun Belarus xidməti tərəfindən alınıb.

XS
SM
MD
LG