Qırğızıstan rəsmilərinin susqunluğu Mərkəzi Asiya ölkəsində qeydiyyatdan keçmiş kriptovalyuta birjasında milyardlarla dollar dəyərində iddia edilən əməliyyatlarla bağlı beynəlxalq narahatlıqları artırır.
Skandalın mərkəzində duran "Grinex" platforması, məlumatlara görə, bu ilin yanvar ayından aprel ayına qədər, əsasən, rubla bağlı "A7A5" vasitəsilə 9 milyard dollar həcmində əməliyyatlar həyata keçirib.
İlk dəfə iyunun sonunda "The Financial Times" tərəfindən işıqlandırılan bu məsələ "Grinex"in Rusiyanın Qərb sanksiyalarından yan keçmək üçün Moskvanın səylərində həlledici oyunçu ola biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.
"Grinex" ABŞ sanksiyalarının Rusiyaya məxsus "Garantex" platformasını sıradan çıxarmasından bir neçə həftə sonra yaradılıb. "Garantex" "A7A5" steyblkoynunu idarə edən yeganə birja idi. "A7A5" isə Rusiya rublu ilə əlaqələndirilmiş ilk steyblkoyn hesab olunur.
İki platformanın fəaliyyətindəki oxşarlıqlar və onun yaranma vaxtı, "Grinex"in "Garantex"in varisi olması və Moskvaya sərt beynəlxalq sanksiyalardan yayınmaq üçün rəqəmsal həll təmin etməsinə dair şübhələri artırıb.
Diqqətçəkən digər amillərdən biri də Moldovada 1 milyard dollarlıq bank fırıldağının təşkilində təqsirli bilinərək haqqında hökm verilmiş, lakin hazırda axtarışda olan moldovalı oliqarx İlan Şorun bu işdə iştirakıdır.
Hazırda Rusiyada yaşadığı bildirilən moldovalı oliqarx Moskvadan Bişkekə qədər uzanan şirkətlər şəbəkəsi vasitəsilə həm "A7A5", həm də "Grinex" ilə əlaqələrdə şübhəli bilinir.
Lakin "Grinex" və onunla əlaqəli şirkətlərə nəzarətlə bağlı suallar qarşısında Qırğızıstanın tənzimləyici qurumları və hökumət nazirlikləri yalnız qeyri-müəyyən vədlərlə kifayətləniblər.
Şərh yoxdur
Qırğızıstanın Virtual Aktivlər haqqında 2022-ci il Qanununun icrasına cavabdeh olan Maliyyə Bazarının Tənzimlənməsi və Nəzarəti Xidməti (FMRS) "Grinex" adlı şirkətin reyestrdə qeyd olunduğunu AzadlıqRadiosunun qırğız xidmətinə təsdiqləyib.
Lakin FMRS rəsmisi Çinara Baktıbekova bildirib ki, "siyahı rus dilindədir və beynəlxalq diqqət mərkəzində olan "Grinex" birjasına tam uyğun gəlməyə bilər".
"Media sorğularına qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində cavab verəcəyik. Hazırda şərh verməyə hazır deyilik", - Baktıbekova əlavə edib.
"A7A5" tokeninin arxasında duran "Old Vector" şirkətinin lisenziyası ilə bağlı suala cavabında isə FMRS rəsmisi bildirib ki, şirkət qeydiyyatdan keçib, lakin birja fəaliyyəti göstərmədiyi, yalnız token buraxdığı üçün tam lisenziyaya ehtiyac yoxdur və sadəcə icazə kifayətdir.
"A7A5" tokeninin zəmanətçisi olan "A7-Qırğızıstan"a gəlincə, Baktıbekova AzadlıqRadiosuna FMRS daxilində başqa departamentlə əlaqə saxlamağı tövsiyə edib. Lakin həmin departamentlə əlaqə qurmaq üçün edilən cəhdlər cavabsız qalıb.
Maliyyə Nazirliyi və Qırğızıstan Milli Bankı kriptovalyutalara nəzarətin onların yurisdiksiyasında olmadığını bildirərək şərh verməkdən imtina ediblər.
İqtisadiyyat və Ticarət Nazirliyi isə çoxsaylı yazılı və telefon sorğularına cavab verməyib.
İnsan hüquqları pozuntularını və demokratiyaya təhlükələri açıq mənbəli araşdırmalar və tədqiqatlar vasitəsilə ifşa edən "İnformasiyanın Dayanıqlığı Mərkəzi" qeyri-hökumət təşkilatı iyunda yayımladığı araşdırmasında qeyd edib ki, "A7" strategiyası pul vəsaitlərinin sərhədlərarası hərəkətini təmin etməyə yönəlib və "mövcud sanksiya rejimləri üçün ciddi çətinlik yarada bilər".
"Qanunsuz fəaliyyətlər üçün ideal mühit"
Bürokratik susqunluq Qırğızıstanın hələ formalaşmaqda olan kriptovalyuta sektorunda bu qədər irimiqyaslı əməliyyatların necə mümkün olduğuna cavab axtaran jurnalistləri, maliyyə analitiklərini və korrupsiyaya qarşı mübarizə aparan fəalları məyus edib.
"Şəffaflığın olmaması qanunsuz maliyyə fəaliyyətləri üçün ideal mühit yaradır", - Bişkekdə yerləşən Mərkəzi Asiya Amerika Universitetinin maliyyə hüququ üzrə mütəxəssisi Ayzada Abdıldayeva xəbərdarlıq edib: "Qırğızıstan beynəlxalq nəzarətdən yayınmağa çalışan qurumlar üçün üstünlük verilən yurisdiksiyaya çevrilmə riski altındadır".
Bişkekdən olan siyasi analitik Temirlan Moldokulov da bu narahatlığı bölüşüb: "Əgər tənzimləyicilərimiz bizim sistem vasitəsilə milyardları kimin köçürdüyünü deyə bilmirsə, biz xarici tərəfdaşları sanksiyalardan yayınmağa kömək etməyəcəyimizə necə əmin edə bilərik?"
"Grinex" skandalı İlon Şorun Qırğızıstanın kommersiya banklarından biri olan "Kapital Bank" ilə əlaqəsi ilə bağlı həftələrdir dolaşan şayiələrdən sonra baş verir. Bu iddialara cavab olaraq, prezident Sadır Japarov açıq şəkildə bildirib ki, bankda hər hansı xarici təsir yoxdur.
"Kapital Bank dövlətin nəzarətindədir. Belə şayiələrə inanmayın", - Japarov iyun ayında televiziyaya müsahibəsində deyib. "Bankın mənfəəti birbaşa dövlət büdcəsinə daxil olur".
Prezidentin şərhləri, əsasən, "Kapital Bank"a yönəlsə də, Qırğızıstanın maliyyə sistemindəki problemlər barədə narahatlıqları azaltmağa çox da təsir etməyib.
Sanksiyalardan yayınmaq üçün qapı?
Qırğızıstan rəqəmsal aktivlər üçün hüquqi əsaslar qəbul edən azsaylı Mərkəzi Asiya ölkələrindən biridir. 2022-ci il qanunu birjalar və token buraxanlar üçün lisenziyalaşdırma rejimini tətbiq edib və bu, o zaman mütərəqqi bir addım kimi qiymətləndirilib. Lakin tənqidçilər deyir ki, bu hüquqi çərçivənin effektivliyi zəifdir.
Bişkekdən olan iqtisadçı Nurlan Aytkulov bildirib: "Qanun kağız üzərində yaxşı görünür, lakin icrası zəifdir və qeydiyyatlar gizlidir".
Analitiklər xəbərdarlıq edir ki, tənzimləmədəki boşluq, Qırğızıstanın Rusiyaya yaxınlığı və orada işləyən qırğız işçilərinin göndərdiyi pul köçürmələrindən asılılıq faktları zərərli aktorları cəlb edə bilər. Belə ki, onlar sanksiyalardan yayınmaq üçün ölkəni maliyyə mərkəzi kimi istifadə edə bilər.
Mərkəzi Asiyadakı Qərb diplomatları da beynəlxalq sanksiyaların sarsıdılmasında Qırğızıstanın potensial rolundan narahatlıq ifadə ediblər. Brüsseldə çalışan yüksək səviyyəli bir Avropa rəsmisi, adının açıqlanmaması şərti ilə AzadlıqRadiosuna bildirib ki, "Qırğızıstan kimi yurisdiksiyalar getdikcə daha çox nəzarət altında olacaq".
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) qlobal miqyasda kriptovalyuta əsaslı sanksiyalardan yayınma şəbəkələrinin hədəflənməsini gücləndirib.
"Milli təhlükəsizlik məsələsi"
Skandallar Qırğızıstanın maliyyə sisteminə yad deyil. Siyasi çalxalanmalar zamanı bankların çökməsindən tutmuş, aviasiya yanacağı sektorunda pulyuma iddialarına qədər ölkə uzun müddətdir korrupsiya və zəif institutlarla mübarizə aparır.
"Kriptovalyuta bumu onsuz da kövrək olan sistemə yeni bir mürəkkəblik əlavə edib", - maliyyə hüququ üzrə ekspert Abdıldayeva bildirib. "Daha güclü nəzarət olmasa, biz keçmiş qalmaqalların təkrarını görə bilərik - ancaq bu dəfə rəqəmsal miqyasda".
Vətəndaş cəmiyyəti qurumları hökuməti virtual aktivlərə xidmət göstərənlərin bütün reyestrini dərc etməyə, "Grinex" və onun filiallarının hüquqi statusuna açıqlıq gətirməyə çağırıb.
"Bu, təkcə tənzimləyicilərlə bağlı deyil, həm də milli təhlükəsizlik məsələsidir",- Bişkekdə yerləşən "Təzə Qum" analitik mərkəzinin tədqiqatçısı Ayjan Akmatova bildirib.
Beynəlxalq təhqiqatçılar "Grinex" və onun şəbəkəsi barədə daha dərindən araşdırmalar apararkən, Qırğızıstan rəsmilərinin susqunluğu həm ölkə daxilində, həm də xaricdə spekulyasiyaları artırır.
"Bu, Qırğızıstanın şəffaf idarəçilik və beynəlxalq əməkdaşlığa sədaqətinin sınağıdır", - Moldokulov xəbərdarlıq edib. "Susqunluq nə qədər uzun çəkərsə, mümkün nəticələr bir o qədər ağır ola bilər".
"Grinex" hadisəsi Qırğızıstanın fintex (maliyyə texnologiyaları) ambisiyalarını təhlükəyə atır. Əgər ölkə sanksiyalardan yayınma mərkəzi kimi tanınarsa, beynəlxalq tənqidlərə məruz qala və rəqəmsal maliyyə sahəsində regional lider olmaq arzularını risk altına qoya bilər.
"Grinex" və "A7A5" in hekayəsi araşdırılmağa davam edir, jurnalistlər və blokçeyn kəşfiyyat firmaları bu pul və onun arxasındakı şəbəkələri izləməyə davam edir.
Bişkek üçün isə seçim ortadadır: nəzarəti gücləndirmək və etimadı bərpa etmək, ya da maliyyə cinayətləri dünyasında yeni mərkəz kimi tanınma riskini almaq.
Yazını AzadlıqRadiosunun aparıcı müxbiri Merhat Şaripjan və radionun Qırğızıstan xidməti hazırlayıb.