Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 09:48

12 günlük müharibədən bəri İran-ABŞ nüvə danışıqları gözlənilir


Əli Xamenei və Donald Tramp
Əli Xamenei və Donald Tramp

Birləşmiş Ştatlar və İran iki ölkə arasında gərginliyin yüksək, etimadın aşağı olduğu bir dönəmdə danışıqlar masasına qayıtmağı planlayırlar.

AzadlıqRadiosunun mənbələri danışıqların ilkin olaraq iyulun 10-da Osloda planlaşdırıldığını deyirdilər. İndi isə görüşün, çox güman, gələn həftəyə keçirildiyi bildirilir.

AzadlıqRadiosunun İran məsələləri üzrə yazarı Kian Şərifi yazır ki, danışıqlar baş tutarsa, uzun müddətdir ədavətli mövqedə olan iki ölkə arasında nüvə diplomatiyasına yenidən təkan verə bilər. Həm də bu, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə birgə zərbələrindən bir neçə həftə sonraya təsadüf edəcək.

İsrail İrana hücumları iyunun 13-də başladıb. İki gün sonra Tehranla Vaşinqton İranın nüvə proqramı üzrə danışıqların altıncı raundunu keçirməliydi.

ABŞ prezidenti Donald Tramp daha sonra İsrailə qoşularaq İranın nüvə obyektlərinə zərbə endirilməsinə icazə verdi. Bir neçə gün sonra isə Vaşinqtonun vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olundu.

İranın xarici işlər naziri Abbas Ərağçi iyulun 8-də "The Financial Times"da rəy yazısında sual edir ki, "xoş niyyətimizə iki nüvə silahlı ordunun hücumu ilə cavab veriləndən sonra Tehran gələcək əməkdaşlığa necə etibar edə bilər?".

İran-İsrail savaşı bitdi: 'Yeni Balkan ssenarisi alınmadı'
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Trampın dəyişən strategiyası...

Tramp İranla "daimi saziş" əldə olunmasından danışsa da, belə bir sazişə nələrin salınacağını açıqlamayıb. Amma onun son addımları qısamüddətli böhran idarəçiliyindən daha geniş strategiyaya keçdiyini göstərir, yəni İranın nüvə proqramıyla bağlı razılaşmanın əldə olunmasına, regional nüfuza, Yaxın Şərqdə daha geniş təhlükəsizlik arxitekturasına.

İran hətta İsraillə 12 günlük müharibədən sonra belə diplomatiyaya sadiq qaldığını israrla bildirir. Amma eyni zamanda istənilən sazişin İsrailin gələcək hücumlarını önləyəcəyinə təminat istəyir.

Atəşkəs iyunun 24-də qüvvəyə minəndən Tramp İranın nüvə proqramının durumunu nəzərə alaraq Tehranla razılaşmaya dair qarışıq siqnallar göndərib. O, İranın nüvə obyektlərinin tam dağıdıldığını iddia edib. İran obyektlərə böyük ziyan dəydiyini desə də, nüvə proqramını, uranın zənginləşdirilməsini davam etdirəcəyini söyləyib.

...İranın kartları

Zərbələrdən sonra İran rıçaqlarını itirsə də, əlində bəzi kartlar qalır. Zərbələrdən öncə İranın 60 faizədək zənginləşdirilmiş 400 kiloqramdan çox uranı vardı və onun bir hissəsini başqa yerə köçürdüyü bildirilir. 60 faizədək zənginləşdirmə nüvə silahı hazırlamağa yaxın səviyyə deməkdir.

Beynəlxalq Atom Enerji Agentliyi (ABEA) bu materialın yerini bilmədiyini deyir.

İran bu arada müfəttişlərlə əməkdaşlığı dayandırıb, BMT-nin nüvə agentliyi ilə paylaşdığı informasiyanın zərbələrə imkan verdiyi ehtimalını səsləndirib.

Tramp isə xəbərdarlıq edib ki, İran yüksək səviyyədə uran zənginləşdirməni bərpa etsə, daha bir bombalama kampaniyasına göstəriş verəcək.

Tehranla Vaşinqton diplomatiya istədiklərini desələr də, İrana saziş ABŞ-dən daha çox lazımdır, - K.Şərifi yazır. Razılaşma olmasa, gələcəkdə hərbi tədbirlər təkrarlana, İrana BMT-dən sanksiyalar gələ bilər, Avropa ölkələri sanksiyaların bərpa oluna biləcəyini dilə gətiriblər.

Müəllif qeyd edir ki, Osloda gözlənən danışıqlarda proqres olacaqmı, yoxsa sadəcə vaxt qazanmaq üçün keçiriləcək, bundan asılı olmayaraq bir şey aydındır: diplomatiyaya qaytaran yol inamsızlıq, itirilmiş şanslar, qarşılıqlı təhdidlərlə minalanmış sahədən keçir. Hər iki tərəf danışır, amma razılaşma üçün daim açıq qalan qapı sonucda gerçəkdən bağlana bilər.

XS
SM
MD
LG